[AZ] [RU] [EN]



NƏSİMİ BƏLƏDİYYƏSİ
(qısa məlumat)


Nəsimi Bələdiyyəsi Azərbaycan Respublikasında 1999-cu il dekabrın 12 bələdiyyələrə keçirilmiş ilk seçkilər əsasında yaradılmışdır.
İlk beşillikdə 19 bələdiyyə üzvü, 6 daimi komissiya və icra aparatı ilə fəaliyyət göstərmiş Nəsimi Bələdiyyəsinin 2004-cü ilin dekabrında keçirilən seçkilərdən sonra Yerli sosial məsələlər, Yerli büdcə məsələləri, Yerli iqtisadi məsələlər və Yerli ekologiya məsələləri adlı 4 daimi komissiyası vardır. Daimi komissiyaların tərkibində zəngin həyat və peşə təcrübəsi olan mütəxəssislər, o cümlədən iki görkəmli dilçi-türkoloq alim, filologiya elmləri doktoru professor çalışır.
Yeni qurumun formalaşması və inkişafına dövlət tərəfindən göstərilən qayğının nümunəsidir ki, 2000-2005-ci illərdə Nəsimi Bələdiyyəsinə 1 milyard 135 milyon 783 min manat dotasiya verilmişdir.
2000-2005-ci ilin 11 ayı da daxil olmaqla yerli büdcənin gəlirləri ümumilikdə 2 (iki) milyard 846 milyon 222 min manat olmuşdur ki, bunun mühüm bir hissəsini – 1 (bir) milyard 710 milyon 439 min manatını vergi və ödənişlərdən, bələdiyyəyə məxsus əmlakdan toplanmış vəsait təşkil edir.
Ötən beş ildə rayon ərazisində 2 park, bir neçə yaşayış binasının ətrafı və həyətyanı sahəsi abadlaşdırılaraq istirahət güşəsi kimi əhalinin istifadəsinə verilmişdir.
Bələdiyyə tərəfindən rayon ərazisində 30 min 477 m2 asfaltlaşdırma işi aparılmış, məhəllədaxili yollar, 50-dən artıq yaşayış binasının həyəti asfalt örtüklə təmir edilmişdir.
Büdcə xərclərinin 118 milyon manatı maddi yardımlara sərf edilmişdir. Qarabağ müharibəsi, 20 Yanvar şəhidləri, Çernobl ailələri və əlillərinə, soyqırıma məruz qalmış Xocalı qaçqınlarına, 1941-1945-ci illər müharibəsinin veteranlarına, valideyn himayəsindən məhrum olmuş körpələrə, tənha, xəstə qocalara, qaçqın və köçkünlərə maddi yardım göstərilmişdir. Azərbaycanın Milli Qəhrəmanının adını daşıyan xiyabanda, şəhidlərin xatirə lövhəsi vurulmuş binalarda və qarşısındakı meydançalarda təmir və asfaltlaşdırma işləri aparılmışdır.
Bələdiyyənin müqaviləsi əsasında xüsusilə yaz və yay mövsümündə mütəmadi olaraq ərazidəki binaların zirzəmisində, zibilliklərdə, rayon ərazisində məskunlaşmış məcburi köçkünləein sıx yaşadıqları ünvanlarda, yataqxanalarda profilaktika, dizenfeksiya işləri aparılmış, ümumtəhsil məktəblərinin tibb məntəqələri ilk tibbi yardım dərmanları ilə təchiz edilmişdir.
Bir neçə ümumtəhsil məktəbinin həyətində, idman meydançalarında asfaltlaşdırma, sinif otağı, idman zalı və ona yardımçı otaqlarında əsaslı təmir işləri aparılmış, 2 məktəbin dam örtüyünün yararsız hissəsi təmir edilmiş, 1 körpələr evi-uşaq bağçasının istilik təchizatı bərpa edilmişdir.
Nəsimi Bələdiyyəsi öz əmlakını yaratmaqla mailiyyə mənbəyi əldə etmək və büdcəyə gəlir gətirmək təşəbbüsü də göstərmişdir. Hazırda bələdiyyənin 8 baş inəyi, 128 baş davarı (77 baş ana qoyun, 6 baş qoçu və 45 baş keçisi) olan maldarlıq təsərrüfatı qanunveriçiliklə müəyyən olunmuş qaydada icarəyə verilmişdir.
Nəsimi Bələdiyyəsi Respublika Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqı tərəfindən “Tərifnamə” və xüsusi prizlə, “Qabaqcıl Bələdiyyə Bayrağı” və ona aid diplomla, eləcə də İspaniyanın paytaxtı Madrid şəhərində nəşr olunan “Aktualidad” jurnalının seçki komitəsi tərəfindən “Ənənə və nüfuz uğrunda Aktualidad 21-ci əsr” Beynəlxalq mükafatı ilə təltif olunub.